Bildiyiniz kimi, Suşi (Sushi) Yapon mətbəxinin dünyada tanınan ən məşhur və ən sevilən yeməyidir. Sushi Azərbaycan mətbəxinə hər nə qədər yad olsa da, son illərdə ölkəmizdə də çox geniş kütlə tərəfindən sevilərək yeyilməyə başlayıb. Elə ona görə də, bu məqalədə Suşi hazırlanması, süfrələrə servis edilməsi, ümumiyyətlə, suşi haqqında bir çox maraqlı məlumatları sizinlə paylaşmışıq.
Yuxarıda qeyd edildiyi ki, Suşi Azərbaycan mətbəxində son illərdə sevilib və populyarlaşıb. Günü-gündən daha çox insan suşi haqqında daha çox bilgi əldə edir. Bir dəfə suşi yeyən daha sonra önyarğılarından qurtularaq ən sevdiyi yeməklər siyahısına əlavə edir.
Vaxtı və imkanı olanlar suşi restoranlarına gedərək orada işinin əhli olan aşbazların hazırladıqları bir-birindən dadlı suşi növlərindən sifariş verirlər. Suşi sevən insanlar nə istədiklərini və nə yediklərini bilirlər. İlk dəfə yeyənlər və ya yeyəcək olanlar isə normal olaraq bəzi suallara cavab axtarırlar. O suallardan bir neçəsini gəlin cavablandıraq.
Suşi necə hazırlanır?
İlk öncə qeyd etmək lazımdır ki, onlarla suşi növü var və hər nə qədər hamısı eyni görsənsə də, hər bir suşi növünün xüsusi hazırlanma qaydaları var.
Suşinin hazırlanması üçün ilk növbədə xüsusi suşi düyüsü olmalıdır. Təbii ki, əsl suşi düyüsünü adi marketlərdən tapmaq mümkün deyil. Suşi düyüsü və digər asiya mətbəxi üçün inqridientləri Azərbaycana suşi məhsullarını idxal edən "BakuProd" MMC-dən almaq mümkündür. Bundan başqa, suşi hazırlanması üçün qurudulmuş dəniz yosunu (Nori) və mütləq düyü sirkəsi olmalıdır.
Düyü sirkəsi – bişmiş və istifadəyə yarı hazır məhsula elastiklik verir. Suşi tərkibinə əlavə ediləcək inqridientlər müxtəlifdir. Bunlardan, yerpənək, avokado, ucan balıq kürüsü, hisə verilmiş qızıl balıq və ilan balığı, tuna balığı, krab cubuqları, krevetlər və digər okean məhsulları da əlavə edilir. Filadelfia kimi məşhur və bişmiş suşilərin tərkibində mütləq krem pendir olur. Suşinin üzərinə balığı slays şəklində yerləşdirmək və bərabər rollara bölmək üçün xüsusi suşi bıçağı da olmalıdır. Bıçağın xüsusiliyi, onun kəsən hissəsinin bir tərəfdən itilənməsi və həmin hissənin düz olmasıdır.
Suşi üçün düyü xüsusi olaraq buzlu suda dəfələrlə yuyulur. Düyü tam şəffaf və tozsuz şəkilə salındıqdan sonra saf su ilə düyü bişirən avadanlığa yerləşdirilir. Düyü bişən zaman qapağın açmaq qətiyyən olmaz və düyünü bişdikdən sonra belə sirkəsiz qarışdırmağa icazə verilmir. Bişmiş düyüyə proporsiyalarla sirkə, şəkər tozu və az miqdarda duz əlavə edilərək qarışdırılır. Bütün bu proseslərdən sonra düyüyə 1 saatlıq “istirahət verilir” ki, əlavə edilmiş elementləri canına çəkə bilsin.
Maraqlı tərkib – suşi hazırlığı üçün daha bir vacib məqamdır. Burda əsas məsələ dadların bir birinə uyğun olmasıdır. Əgər balıq istifadə olunursa, tıxları manqaşla tam təmizlənməlidir. Krab çubuqları, avokado, yerpənək üçün doğranma üsulları fərqlidir.
Krevetli suşi hazırlamaq üçün, krevetlərin dərisi və ən əsası içalatı təmizlənməlidir. Yaponsayağı omletlə suşi hazırlamaq istəsəniz (nümunə üçün Tomaqo Suşi Roll) sizə yumurta, soya sous, şəkər və duz lazım olacaq.
Suşinin tərkibinə istənilən əlavəni qatmaq olar. Suşi Azərbaycan mətbəxində məşhurlaşdıqça, çeşidlər və hazırlanma üsulları da artır. Son vaxtlar, ən çox sifariş edilənlərin sırasında tərkibində toyuq filesi və ya hisə verilmiş hind toyuğu ilə olanlarda vardır.
Tərəvəzli suşi rollar (Vegetarian Suşi Roll) üçün tofu pendiri və ya tofu kəsmiki əlavə edilə bilər. Əsas odur ki, tərkibinə əlavə etidiyiniz məhsullar uzunsayağı doğranmış olsun.
İstənilən suşinin hazırlanmasında bizə bambuk makisu lazım olacaq. Bambuk Makisu – suşini düzgün formaya salmaq və yekun məhsulu sıxmaq üçündür.
Suşi hazırlanması prosesinə gəldikdə, 1 vərəq norini makisunun üzərində açırsız (sərt hissəsi üzü siz tərəfə), təmiz və sulu əllərlə düyünü bir ovucluq miqdarda həmin norinin üzərində "açırsız". (Diqqət! Əllər sulu olmalıdır ki, düyü ələ yapışmasın.) Açılmış düyünün üzərinə tərkib üçün hazırladığınız əlavəni düzürsünüz. Artıq makusinu rulon şəklinə salaraq büküb yumru və ya dördkünc formaya salırsınız.
Suşi hazırlanması prosesi başa çatdıqdan sonra, bir sonrakı məsələ onu süfrəyə düzgün servis etmək olur. İndi də gəlin suşi sürəyə necə servis edilir, ona nəzər salaq.
Suşi süfrəyə necə servis edilir?
Suşilərin xüsusi hazırlanma qaydaları olduğu kimi süfrəyə xüsusi servis qaydaları da var. Məsələn, suşi süfrəyə set və ya tək nəfərlik xüsusi suşi boşqablarında gətirilir.
Suşi ilə birlikdə süfrəyə əlavə olaraq soya sousu, vasabi və zəncəfil də qoyulur. Hər biri yediyiniz suşinin əvəzsiz dadını daha da artırmaq üçündür.
- Soya sousu – Yapon mətbəxinin ən məşğur souslarından biridir və suşini içinə batıraraq yemək üçündür. Onsuz da ləzzətli olan suşilərə aromalı ləzzət qatır.
- Vasabi Yapon xardalı – Acılı sevənlər üçün bəlkə də ən acı xardal növüdür. Acılı sevməyənlər üçün isə məsləhət görülür ki, heç yoxlamasınlar. Çünki, sonra bir xeyli su içməli olacaqsız :)
- Zəncəfil – Suşinin yanında verilən ən maraqlı şeylərdən biridir. İlk dəfə yeyəndə bəzi insanlara dadı qəribə gəlir. Amma daha sonra çox ləzzət edir. Zəncəfili fərqli sushi növləri yediyiniz zaman dadları qarışmasın deyə arada yeyilir. Bir növ, ağız dadınızı sıfırlayır. Beləliklə, siz fərqli suşi növləri olan set sifariş verdiyiniz zaman setdə olan bütün sushi növlərinin dadını tam ala bilirsiz.
Suşi necə yeyilir?
Əslində bu sualın konkret cavabı yoxdur. Suşi süfrəyə gəldikdən sonra kim necə istəsə elə də yeyə bilər. Süfrəyə servis qaydaları olsa da, yemək üçün mütləq bir qayda yoxdur. Amma, məsələn suşi yemək çubuqları (waribashi) istifadə edə bildiyiniz zaman suşi yemək daha maraqlı olur.
İlk dəfə üçün yemək çubuqlarını istifadə etmək çox çətindir. Hətta demək olar ki, ilk bir neçə dəfə üçün bu adama çox çətin gəlir. Amma sonra buna alışırsız və həmin çubuqlarla suşi yemək adama xüsusi zövq verir. Suşi yemək çubuqlarından istifadə etməyi öyrənmək üçün aşağıdakı videonu izləyərək məşq edə bilərsiz. Əlinizin altında yemək çubuqları yoxdursa, iki ədəd qələmdən istifadə edə bilərsiz.
İlk dəfə yemək üçün hansı suşi növləri məsləhətdir?
Ən çətini hər zaman ilk səfər olur. Nə yeyəcəyini, necə yeyəcəyini, nə ilə yeyəcəyini və s. bir çox şeyi bilmədikdə az da olsa narahat oluruq. Amma, narahatçılığa əsas yoxdur. hər şeyin ilki çətin olur. Əsas odur ki, biz mümkün qədər məlumatlı olaq və nə istədiyimizi bilək. Suşi növləri olduqca çoxdur. Demək olar ki, hər şeydən suşi hazırlamaq mümkündür. Amma, ilk dəfə yeyəcəyiksə, bir az seçici olmaq faydalıdır. Bunun üçün Ən dadlı 10 suşi növü adlı məqaləmizi oxuyaraq ilk dəfə yeyəcəyiniz suşini seçə bilərsiz. (Amma bu məqaləni sonuna qədər oxuyub bitirdikdən sonra 😉)
Suşi yeyən zaman ən məsləhətli içkilər hansılardır?
Suşi yeyərkən yanında fresh və təravətli içkilər içməyiniz məsləhətdir. Kəskin dadı olan içkilər ağzınızda qalıcı dad buraxdığından yediyiniz suşinin dadını tam almaya bilərsiz. Aşağıda suşi yeyən zaman ağzınızın dadını qarışdırmayacaq və iştahınızı açacaq içkililərdən ən məsləhətliləri qeyd edilmişdir.
- Ev sayağı limonad
- CocaCola
- Fuse Tea Limon
- Zero Efes Pivə
Bu məqaləmizdə də sizə suşi haqqında geniş məlumat verməyə çalışdıq. Suşi hazırlamaq üçün həm təcrübə, həm maraq, həm də həvəs olmalıdır. Bu üçünə də hər kəs eyni vaxtda sahib ola bilmir. Əgər suşi hazırlamaq üçün vaxt itirmək istəmirsizsə və gedib rahat məkanında ən ləzzətli suşi yeməklərindən dadmaq istəyirsizsə, sizə məsləhət görürəm ki, Bakıda ən yaxşı suşi restoranı adlı məqaləmizi də oxuyaraq ən dadlı suşi yeməkləri olan və ən sərfəli suşi restoranı haqqında məlumat əldə edəsiniz.
Sonda isə, şərh bölməsində öz fikirlərinizi və ya suşi hazırlanması ilə bağlı əlavə bilgiləriniz varsa bölüşməyi unutmayın. "Suşidə" sizin də duzunuz olsun 🤗